Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Doğum günündə şəhidlərini dəfn edən mübariz Xocalı qadını

0


  •         Yanvarın 24-də “Xocalının səsi” qəzetinin redaktoru Qalib Bəyməmmədoğlu Goranboy rayonunun Yeni yaşayış massivində məskunlaşmış şəhid ailəsi, Xocalıda doğulmuş, Xankəndi şəhər sakini Əliyeva Məlahət Əhməd qızı ilə görüş keçirib. Görüşdə Məlahət ana göz yaşları içində Xocalı soyqırımından danışıb. Xocalı soyqırımında Ağdam istiqamətində erməni quldurlarının gülləbaranı nəticəsində onun həyat yoldaşı, 1949-cü il təvəllüdlü Xocalı özünümüdafiə batalyonunun üzvü Tapdıq Çobanov və 8 yaşlı qızı Nəzakət Çobanova şəhid olublar. Özü isə qolundan yaralanıb. Təsadüf nəticəsində həyatda qalıb. 

            Məlahət Əliyevanın dediklərindən: 

            1988-ci ildə Xankəndində azərbaycanlıların evlərini yandırmağa başladılar. Biz Xankəndini tərk etmək məcburiyyətində qaldıq. Xankəndində ikimərtəbəli 6 otaqlı evimiz düşmənlərə qaldı. Xocalıda məskunlaşandan sonra yenidən 6 otaqlı ev tikdik ki, az da olsa təskinlik tapaq. Ev təmir olana qədər qardaşımgildə qalırdıq. 1992-ci ilin fevralında ev demək olar ki, tam hazır idi, bəzi suvaq işləri qalmışdı. Ev hazır olmağa az qalmış anam rəhmətə getdi. Fikirləşirdik ki, anamım ili çıxandan sonra evimizə köçərik. Bilməzdik ki, anamın ilini Naftalanda keçirərik. 

            Faciə axşamı həyat yoldaşım və qardaşım özünümüdafiə postunda keşik çəkirdilər. Qızım qızılca xəstəliyindən yenicə çıxmışdı. Zirzəmiyə soba qoymuşduq. Atışma olanda qonşularla birgə ora düşürdük. Qızım həmin günü yuxusunu mənə danışdı. Dedi yuxuda görmüşəm ki, şənlik var, qucağıma da çoxlu kökə yığmısınız. Mən onun yuxusunu yozmaq üçün təzə xəmirdən şirin çörək bişirdim. Atışma olanda həyat yoldaşım gəlib bizim zirzəmidə olub-olmamağımızı yoxladı. Sonra yenidən döyüşə getdi. Kürəkənimiz Elburus gəlib dedi ki, bizim evləri ermənilər alıbdır. Hamı məktəbin zirzəmisinə gedir, siz də ora gedin. 

            Məktəbə tərəf getmək istəyəndə raket atıldı. Səpələnən mərmilər bizi çaş-baş saldı. Uşaqlarım hamısının ayağında ev çəkələyi vardı. Qızımı evimizin arxasında keçən arxın içinə saldım. İslanmış vəziyyətdə qızımı götürüb məktəbə tərəf gedəndə dedilər ki, hamı Xocalıdan çıxır. Yollarda yaralananlar və ölənlər var idi.  

            Qarqarçayı keçib Kətik dağına tərəf üz tutduq. Uşaqları götürüb bir-bir yoxuşları çıxırdım. Kol qırılanda aşağı düşür, yenidən zülmlə yuxarı qalxırdım. Oğlanlarım özləri gedirdi, ancaq qızımı mən aparırdım. Oradan baxanda Xocalının alovlandığını görürdük. Erməni postlarına çatanda istiqamətimizi dəyişirdik. Meşənin içi ilə gedəndə mənə dedilər ki, yoldaşın sizi soruşurdu. Ağdamdan Şelliyə tərəf gedən asfalta yaxınlaşanda, səhərə yaxın idi. Gördük ki, asfaltda UAZ maşını dayanıb. Elə bildik ki, bizimkilərdir. Ağdama çatırıq deyə sevinirdik. Camaat asfaltı keçmək istəyəndə UAZ Əsgərana tərəf getdi. Asfaltı keçəndə rəhmətlik həyat yoldaşım hardansa yanımızda peyda oldu. Əlif Hacıyev bizim dəstəyə başçılıq edirdi. Otu biçən kimi bizim dəstəni qırdılar. Kimə güllə dəyirdisə elə bil sevinirdi ki, canı qurtarır. Həyat yoldaşıma dedim ki, balalarına kömək dur. O, dedi ki, mən sizə aid deyiləm, burdakı hər kəsə aidəm. Hamını buradan sağ çıxartmalıyıq. Güllə yağış kimi yağırdı. Qızımın üstünə uzanmışdım ki, ona güllə dəyməsin. Ancaq ayaqları kənarda qalmışdı. Bir xəndək kimi yerə gedəndə qızım dedi ki, güllə mənə dəydi. Baxdım ki, mənim də qolumdan qan axır. Eyni vaxtda ikimizə də güllə dəydi. Həyat yoldaşım məndən əvvəl qızımın paltarını açıb sonra yenidən örtdü. Amma mənə heç nə demədi. Körpə balam şəhid oldu. Qızımın üstünü qar örtəndən sonra onu götürüb gətirmək istədim. Ancaq qolum çox ağrıdığına görə gücüm çatmadı. Çığıra-çığıra yoldaşıma tərəf gələndə onu da vurdular. Üzü üstə yıxıldı. Ona tərəf yaxınlaşmaq istəyəndə dedi ki, mənə tərəf gəlmə, səni də vuracaqlar. Oğlanlarımı qışqıra-qışqıra tapdım. Fikrimdən ölmək keçirdi. Ağdama çatandan sonra Xocalıya qayıtmaq istəyirdim. Yoldaşımın, qızımın öldüyünü bilirdim. Ancaq ürəyim onların yanına getməyə can atırdı. 

            Həyat yoldaşımın və qızımın meyiti gətirilib Ağdamda şəhidlər xiyabanında dəfn edildi. Fevral ayının 28-i mənim doğum günümdür. Doğum günündə əzizlərimi torpağa tapşırdım. Xocalı soyqırımında bir bacımın 3 oğlu, həyat yoldaşı, digər bacımın həyat yoldaşı və başqa qohum-əqrabalarım şəhid olublar. Bacımın qızı, xalam oğlunun bir qızı və bir oğlu itkin düşübdür.  

            Görüşdə şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, sosial təminatlarının artırılması üçün aparılan işlərdən də danışılıb. Məlahət ana şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib. 



    “XOCALININ SƏSİ”







     










    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi5 il öncə
    İzlənib63 dəfə
    Doğum günündə şəhidlərini dəfn edən mübariz Xocalı qadını

    Maraqlı gələ bilər
    125
    135
    290
    70
    36
    55